ADAU daxili qrant müsabiqəsi elan edir

Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) tətbiqi və eksperimental-konstruktor xarakterli elmi tədqiqatların inkişafını təşviq etmək, innovativ və aqrar-sənaye yönümlü həllərin yaradılmasını dəstəkləmək, elmi məhsuldarlığı artırmaq və gənc tədqiqatçıların elmi potensialının inkişafına töhfə vermək məqsədilə Daxili Qrant Müsabiqəsi elan edir.

Prioritet elmi istiqamətlər:
Prioritet elmi istiqamətlər Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 25 may tarixli 1044 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın strateji çərçivəsi nəzərə alınmaqla formalaşdırılmışdır. Bu yanaşma Universitetin elmi-tədqiqat fəaliyyətinin ölkənin aqrar inkişaf siyasəti ilə əlaqələndirilməsinə, elmi potensialın aqrar sahənin aktual çağırışlarının həllinə səfərbər olunmasına xidmət edir. Belə ki, Daxili Qrant Proqramının məqsədi yalnız akademik məhsuldarlığın artırılması ilə məhdudlaşmır, həmçinin dəstəklənən layihələrin əldə etdiyi elmi və tətbiqi nəticələrin adı çəkilən Dövlət Proqramının icrasına real töhfə verməsini, bununla da fundamental və tətbiqi tədqiqatlar ilə dövlət siyasəti arasında üzvi əlaqənin qurulmasını təmin etməkdir.

Prioritet elmi istiqamətlər aşağıdakılardır:
• Aqrar sahədə resurs səmərəliliyi, iqlim dayanıqlılığı və ekoloji tarazlıq;
• Aqrar xidmətlərə, maliyyə resurslarına və innovativ texnologiyalara çıxışın genişləndirilməsi;
• Dəyər zənciri inteqrasiyasına əsaslanan ixracyönümlü aqrobiznesin inkişafı;
• Aqrar sahədə müasir idarəetmə, standartlaşdırma və insan kapitalının inkişafı;
• Balıqçılıq və akvakultura sahəsində dayanıqlı istehsal və bazar potensialı.


Kimlər müraciət edə bilər:
• ADAU-da çalışan professor-müəllim və texniki heyət, elmi işçi, doktorant və ya magistrantlar;
• Hər komandada ən azı 1 gənc tədqiqatçının (35 yaşadək) iştirakı tövsiyə olunur;
• Bir şəxs eyni müsabiqədə yalnız bir layihədə rəhbər və ya icraçı ola bilər.


Qrant məbləğlərinin yuxarı həddi və icra müddəti:
• Layihə başına maksimum məbləğ: 50 000 AZN
• Layihənin müddəti 12 ay


Tələb olunan sənədlər:
1. Ərizə forması
2. Layihə təklifi forması
3. Xərclər smetası forması


Qeyd olunan sənədlər “ADAU Daxili Qrant Qaydaları” sənədinin əlavələr bölməsində yer alır. Müvafiq sənədi elanın sonunda paylaşılan linkə daxil olaraq əldə edə bilərsiniz.

Müraciət qaydası:
Layihə təkliflərinə dair sənədlərin qəbulu 24 sentybr – 24 oktyabr 2026-ci il müddətində rəsmi qeydiyyatla, kağız və elektron (PDF) formatda (elm@adau.edu.az) qəbul ediləcəkdir. Müsabiqəyə müraciət üçün son tarix 24 oktyabr 2026-ci il, saat 18:00 müəyyən edilmişdir. Natamam və ya son tarixdən sonra göndərilən sənədlər qəbul edilmir.

Qiymətləndirmə:
Layihələr iki mərhələdə qiymətləndirilir: Texniki uyğunluğun yoxlanılması və Daxili Qrant Komissiyası tərəfindən elmi qiymətləndirilmə.

Əlaqə:
Elm və İnnovasiyalar Departamenti
Elektron poçt: elm@adau.edu.az | Telefon: (022) 266 23 85


ADAU-nun daxili qrant qaydaları ilə ətraflı məlumat üçün linkə keçid edin:
"ADAU Daxili Qrant Qaydaları"



ADAU daxili qrant müsabiqəsi elan edir